Skip to main content

Kiçik sahibkarlığı inkişaf etdirən sistem: Klasterlər və dünya təcrübəsi (2)


Ötən yazımızda, klasterlər, onların iştirakçıları və işləmə mexanizmi haqqında məlumat vermişdik. İndi isə, onların yaranma tarixi və hazırda dünyada mövcud olan klasterlərə nəzər salaq.

Klaster yanaşmasının tarixi

Hazırkı klaster sisteminin əsasını 19-cu əsrin sonlarında ortaya çıxan “sənaye bölgəsi” təşkil edir. 20-ci əsrdə coğrafi təmərküzləşmə və miqyas iqtisadiyyatı arasındakı əlaqənin fərqinə varan alimlər, müəssisələrin istehsal və logistika xərclərinin yerləşmə ilə birbaşa əlaqəli olduğu qənaətinə gəlmişlər.

Müasir klaster anlayışın inkişafında Harvard Universitetinin məşhur Professoru Michael Porterin, “Xalqların rəqabət üstünlükləri” adlı kitabı mühüm rol oynamışdır. Porter klasterə, müəyyən bir sahədə, məhsul ya da xidmət istehsal etmək üçün qarşılıqlı əlaqədə olan, coğrafi baxımdan təmərküzləşmiş şirkət və qurumların müstəqilliklərini qoruyaraq əməkdaşlığa fokuslanmaları şəklində tərif verir. Dünyanın müxtəlif bölgələrində klasterləri araşdıran Porterə görə, günümüzün inkişaf etmiş iqtisadiyyatlarında böyük şirkətlər və ya tək bir sektorla müqayisədə regional klasterlər və əlaqədar sektorlar, həmin ölkələrdəki məşğulluq, gəlir və ixrac artımında daha mühüm rol oynayırlar.


Dünya təcrübəsi


Klaster modeli, xüsusilə 60-70-ci illərdən başlayaraq tətbiq edilən bir yanaşmadır və modelin tətbiq edildiyi ölkələrin əksərində klasterlər iqtisadi cəhətdən çox əhəmiyyətli mövqeyə malikdir. Klasterlərin ən yaxşı inkişaf etdiyi ölkələrə nümunə kimi, İtaliya, Almaniya, İsveç, Yaponiya, Fransa, ABŞ, Çin, Hindistan, Pakistan, Braziliya, Meksika və s. göstərilə bilər.

Məsələn, İtaliyanın müxtəlif sektorları əhatə edən və yüksək keyfiyyətli məhsulları ilə böyük həcmli ixracı həyata keçirən, tekstil, dəri, zərgərlik məmulatları, optik şüşələr və s. klasterlərini qeyd etmək olar. Belə ki, İtaliyanı “Made in Italy” olaraq dünyada məşhurlaşdıran əsasən inkişaf etmiş klasterlərin mövcudluğudur. “Gucci”, “Armani”, “Genny”, “Byblos”, “Guigiaro Valentino”, “Yves Saint Laurent”, “Burberry”, “Dizel”, “Christian Dior” və s. brendlərin uğur qazanmasında və Asiya ölkələrinin miqyas istehsalı ilə rəqabət apara bilməsində əsas amil kimi müvafiq sahələrdə klaster yanaşmasının tətbiq olunması qeyd edilir.

Bəzi araşdırmaçılar, bu şəkildə məhsul istehsalının sadəcə kiçik sahibkarlar tərəfindən yerinə yetirilə biləcəyini qeyd edir. Dünyaca tanınmış italyan klasterlərinə nümunə kimi, Prato (yun trikotaj), Trevisio (toxuma), Reggio Emilia (kənd təsərrüfatı maşınqayırması) və Bologna (avtomat maşınlar) göstərilə bilər.

İsveçdə ümumi ixracın 50%-dən çoxu (nəqliyyat, meşə məhsulları, metal və s.) sənaye klasterləri vasitəsilə həyata keçirilir. “Tuttlingen” (cərrahi avadanlıqlar), “Munich” (avtomobil) və “Frankfurt” (kimyəvi məmulatlar) da Almaniyanın məşhur klasterlərdir. ABŞ-da isə, “Silikon vadisi” İKT üzrə, “Hollywood” əyləncə üzrə, Nyu-York maliyyə bazarları üzrə, Naorth Carolina mebel üzrə dünyada ən çox tanınmış klasterlər arasındadır. Klasterlər inkişaf etməkdə olan bir çox ölkə iqtisadiyyatında da əhəmiyyətli yer tutur. Bu ölkələrə nümunə kimi, Braziliya (dəri və dəri ayaqqabılar), Meksika (maşınqayırma, ayaqqabı), Hindistan (trikotaj, ənənəvi hazır geyim, daş-qaş və zərgərlik məmulatları, dəri və dəri məhsulları, əl işləri və s.) göstərilə bilər.


Klaster yanaşmasının faydaları


Klasterə daxil olan sahibkarlıq subyektləri öz müstəqilliklərini itirmədən fəaliyyət göstərə bilirlər. Belə ki, onlar müştərək işçi hovuzu formalaşdıra, ümumi istifadə üçün infrastruktur layihələri (ortaq araşdırma mərkəzi, laboratoriya, anbar və s.) həyata keçirə bilərlər. Burada xammal tədarükündən, məhsulun bazara çıxarılması mərhələsinə qədər olan bütün iş prosesində ortaq hərəkət etmə imkanı əldə edirlər ki, bu da daha ucuz xammal təminatı, məhsulların daha geniş kütlələrə təqdim olunması, beynəlxalq sərgilərdə iştirak edilməsi və ixrac imkanlarının genişlənməsi ilə nəticələnir. Ümumilikdə isə məhsulların əlavə dəyərinin artmasına baxmayaraq, maya dəyərində azalma müşahidə edilir.


Maliyyə dəstəyi


İnkişaf etməkdə olan ölkələrin klasterlərin qurulması və ya inkişaf etdirilməsi ilə bağlı təcrübəsində bu yanaşmanın tətbiqi üçün üçün xüsusi proqramlar qəbul edildiyi və müvafiq qurumlar (institutlar, araşdırma mərkəzləri və s.) yaradıldığı nəzərə çarpır. Lazım olan maliyyə dəstəyinin isə beynəlxalq donorlar, dövlət resurslarından və klasteri formalaşdıran şirkətlər tərəfindən təmin edildiyi məlum olur.

Beynəlxalq donorlar əsasən klaster qurma təşəbbüsünün başlanması və konsultasiya xərclərini öz üzərinə götürə biləcəyi kimi, dövlət də bu mərhələdə, infrastrukturun formalaşdırılması investisiyalarını həyata keçirə bilir.

Hindistanda tətbiq edilən metoda əsasən, klasterin qurulma mərhələsində beynəlxalq təşkilatların və eləcə də dövlət resurslarından istifadə edilsə də, növbəti illərdə klasterlərin özünü maliyyələşdirmə prinsipinə keçidi baş verir.

İnkişaf etməkdə olan ölkələrdə, klasterlərin qurulmasını dəstəkləyən əsas beynəlxalq təşkilatlar sırasında UNIDO, Dünya Bankı, GTZ və s. göstərmək mümkündür. Xüsusilə UNIDO-nun müxtəlif ölkələrdə zəngin klaster inkişaf etdirmə təcrübəsi mövcuddur. Belə ki, bu təşkilatın tərkibində xüsusi Klaster və Biznes Əlaqələri struktur vahidi fəaliyyət göstərir və klasterlərin inkişafı üçün xüsusi UNIDO Metodologiyası tətbiq edilir. Həmin təşkilatın saytından əldə edilən məlumata görə, hazırda təşkilat tərəfindən Kolumbiya, Ekvador, El Salvador, Hindistan, Mərakeş, Nikaraqua, Nigeriya, Pakistan, Seneqal, Tailand, Tunis, Zimbabve kimi ölkələrdə klaster inkişaf etdirmə layihələri həyata keçirilir. Hindistanda da ilk klaster inkişaf etdirmə proqramı 1990-cı illərdə UNIDO təşkilatının dəstəyi ilə həyata keçirilməyə başlanmışdır. Bu gün isə Hindistanda 1700-dən artıq müxtəlif sahələrdə fəaliyyət göstərən klasterlərin olduğu qeyd edilir.

Qeyd: Məqalə EDI India tərəfindən tərtib olunan Cluster Development Executives (CDEs) təlim proqramının materialları və Hindistanda mövcud olan bir çox klasterlə praktiki tanışlıq əsasında hazırlanmışdır.

Comments

Popular posts from this blog

Keyfiyyət nədir?

Bu məqalə 23 iyul 2005-cı ildə hazırda fəaliyyətini dayandırmış İqtisadNet saytında yayımlanmışdır. Mövzunun hələ də aktual qaldığını nəzərə alaraq həmin məqaləni eynilə burada yerləşdirməyə qərar verdim. Ötən əsrin 50‐60‐cı illərinə qədər dünyada, istehsal etdiyi məhsulu rahatlıqla sata bilən istehsalçılar üçün ən əsas məsələ daha çox istehsal edə bilməkdi. “Nə qədər çox istehsal etsəm o qədər çox qazanaram” yanaşması keçərli idi. Bu illərdən sonar əvvəlki hakim anlayış, yerini qiymətə buraxmış, qiymət ən önəmli rəqabət vasitəsi olmağa başlamışdı. 80‐ci illərdən sonar isə gedərək güclənən rəqabət şəraitində istehsalçıların rəqabət üstünlüyü əldə etmələri üçün müraciət etdikləri faktor, “məhsul keyfiyyəti” oldu. Əlbəttə günümüzdə artıq rəqabət üstünlüyü əldə etmək üçün sadəcə “keyfiyyətli məhsul” yetməməkdə, buna əlavə olaraq müştərini məmnun salmaq və sədaqətini artırmaq üçün fərqli metodlardan istifadə edilməkdədir. Bu məqalədə, “keyfiyyət”ə əlavə olaraq istifadə edilən metodları n...

Biznesdə əsas rəqabət strategiyaları

Bugün məlum məsələdir ki, ölkədə fəaliyyət göstərən müəssisələrin əksərinin rəqabətqabiliyyətliliyi və dayanıqlılığı istənilən səviyyədə deyil. Bunun da yenə saymaqla bitməyəcək sayda səbələri var. Buradakı yazılarda vaxtaşırı bu səbəblərdən də bəzilərinə toxunmağa çalışacağıq.